Skip to main content

Qarğıdalı

Qarğıdalı taxıl fəsiləsinə aid olmaqla, ondan müxtəlif məqsədlər üçün istifadə olunur. Qarğıdalının qiymətli bitki olması ondan ibarətdir ki, eyni zamanda iki məsələni, dən ehtiyatlarını tamamlamaq və gövdəsindən yaxşı silos almaq məsələsini həll etməyə imkan verir. Qarğıdalı dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, dekstrin, şəkər, bal, E vitamini askorbin və qulutamin turşuları alınır.
Qarğıdalı bitkisinin gövdəsindən, yapraq və qıcalarından kağız, linoleum, süni propkalar, plastik kütlə və digər məhsullar alınır.
Qarğıdalı digər dənli bitkilərlə müqasiyədə rütubəti daha qənaətlə sərf edir. Çünki onun vegetasiya dövrü ərzində rütubətə tələbatı da müxtəlidfir.
Ümumiyyətlə, ölkəmizin ərazisinin rütubətlə kifayət qədər təmin olunmamasına baxmayaraq Şəki-Zaqatala zonası qarğıdalı bitkisinin yetişdirilməsi üçün ən əlverişli şəraitə malikdir. Məhz buna görə də uzun illərdir ki, Elmi Tətqiqat Əkinçilik İnstitutunun Zaqatala Zona Təcrübə Stansiyasında daha məhsuldar qarğıdalı sortları yetişdirilir və yüksək göstəricilərə nail olunur. Zaqatala Zona Təcrübə Stansiyasında Zaqatala-68, Zaqatala-514 və Zaqatala yaxşılaşdırılmış qarğıdalı sortları yaradılmış və bölgədə rayonlaşaraq geniş yayılmışdır.
Digər dənli-taxıl bitkilərinin əkini ilə müqasiyədə hektar üzrə məhsuldarlığı olduğundan (70-80sen/ha) qarğıdalı əkini daha çox gəlir gətirir. Bunun üçün də nəzərdə tutulan aqrotexniki tədbirləri ardıcıl olaraq vaxtında yerinə yetirmək lazımdır.
Torpağın becərilməsi. Payızlıq dənli bitkilər yığılan kimi sahə diskli malalarla 8-10 sm dərinlikdə üzlənir, 20-30 gün keçdikdən sonra ön kotancıqlı kotanla 25-27 sm dərinlikdə şum edilir. 
Əgər qarğıdalı gec yığılan sələflərdən sonra səpilərsə, bu zaman diskli mala ilə kök və gövdə qalıqları xırdalanmalı və sahə 27-30 sm dərinlikdə şumlanmalıdır.
Payızda torpağın dərin şumlanması alaq bitkilərinin məhv olması ilə yanaşı, qar sularından əmələ gələn rütubəti özündə saxlayır, zərərverici və xəstəliklərin qarşısını qabaqcadan alır.
Yazda sahəyə çıxmaq mümkün olduğu vaxtdan başlayaraq 10-12 sm dərinlikdə birinci, qarğıdalı toxumu səpilməzdən qabaq isə 8-10 sm dərinlikdə ikinci kultivasiya çəkmək lazımdır.
Sahənin gübrələnməsi. Qarğıdalı qida maddələrinə tələbkar bitki olduğundan vegetasiya müddətində torpaqdan qida alır.
Qarğıdalı inkişafının ilk dövrlərində azot və fosfora qarşı daha çox tələbkar olur və azotu fosfora nisbətən daha çox mənimsəyir.
Ümumiyyətlə, dən almaq məqsədilə əkilən qarğıdalı sahəsinin hər hektarına təsiredici maddə hesabı ilə 120 kq azot, 150 kq fosfor və 90 kq kalium verilməlidir. Gübrələrin mənimsənilmə əmsalını yüksəltmək və vahid gübrə miqdarına düşən məhsulu artırmaq məqsədilə onların torpağa verilməsinə düzgün əməl olunmalıdır.
Qarğıdalı bitkisinin qida maddələri ilə təmin olunmasında mineral gübrələrlə yanaşı, üzvi gübrələrin, xüsusən də peyinin rolu daha çoxdur.
Suvarma zamanı sahəyə peyin şirəsinin verilməsi bitkilərin qida ilə təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.
Səpin müddətləri. Şəraitindən asılı olaraq qarğıdalı səpini müxtəlif vaxtlarda aparılmalıdır. Çox erkən yazda qarğıdalını soyuq torpağa əkmək olmaz. Ona görə ki, soyuq torpağa səpilən soxumların cücərmə qabiliyyəti azalır, dənlər şişir və temperatur çatışmadığından cücərti vermir. Belə şərait isə alaq otlarının daha tez inkişaf etməsinə və sahələrin alaq otları ilə örtülməsinə gətirib çıxarır.
Şəki-Zaqatala bölgəsi üçün qarğıdalı səpinin ən optimal müddəti aprel ayının sonu və may ayının əvvəli sayılır.
İlin gəlişindən asılı olaraq səpin müddətində müəyyən dəyişikliklər ola bilər ki, bu da hava şəraitinin dəyişməsi ilə əlaqədardır.
Səpin norması. Yaxşılaşdırılmış Zaqatala, Zaqatala-68 və Zaqatala-514 sortlarının dən üçün səpini zamanı norma 1000 ədəd dənin kütləsi hesabı ilə götürülür. Bu zaman səpin norması 18-22 kq arasında təşkil edir. Yadda saxlamaq lazımdır ki, səpin zamanı səpin üsulu və ya qida sahəsi gözlənilməlidir. Səpin cərgəarası 70 sm, bitkiarası 30 sm olaraq aparıldıqda daha çox səmərəlidir.
Səpinlərə qulluq. Səpindən sonra bitkilərə qulluq işləri, bu işlərin müddəti və üsulu topağın tipi, mexaniki tərkibi, sahənin alaqlanma dərəcəsi və bitkilərin bioloji xüsusiyyətləri ilə sıx əlaqədardır.
Qarğıdalı əkinlərinə elə qulluq etmək lazımdır ki, torpaqda lazımi qədər istilik, hava, rütubət və həll olunmuş qida maddələri olsun.
Qarğıdalı əkinlərinin ilkin becərilməsi xüsusi əhəmiyyətə malikdir. Becərmə mexanikləşdirilmiş və əl üsulu ilə aparılır.
Cərgəarası kultivasiya çəkdikdən sonra əl ilə becərmə və seyrəltmə aparılmasının  xüsusi əhəmiyyəti danılmazdır.
Belə ki, yenicə inkişaf etməyə başlayan qarğıdalı bitkisinin diblərinin yumşaldırlması, alaq otlarının məhv edilməsi, bitki çox düşən sahələrdə seyrəltmənin aparılması, boş qalmış ərazilərdə əlavə səpin aparılması bol məhsulun bünövrəsini qoyur.
Qarğıdalı bitkisinə 2-3 dəfə su vermək və bir o qədər də kultivasiya çəkmək lazımdır. Birinci kultivasiya 8-10 sm, ikinci 6-8 sm, üçüncü isə 5-6 sm dərinlikdə aparılmalıdır.
Qarğıdalının zərərvericiləri və xəstəlikləri. Şıqqıldaq böcək, yalançı məftil qurdları, gövdə kəpənəyi, çəmən kəpənəyi, danadişi, payızlıq sovka, mənənə və sair həşəratlar qarğıdalı bitkisinin zərərvericiləridir.
Qovluqlu sürmə, tozlu sürmə, qonur ləkə, gövdə və kök çürümələri, fuzarioz, ağ çürümə və digərləri qarğıdalının xəstəlikləridir.
Qarğıdalı bitkisinin zərərverici və xəstəliklərinə qarşı mübarizə tədbirləri sahənin seçilməsi və keyfiyyətli toxumun əldə edilməsindən başlayır. Əgər mübarizə kompleks halında aparılmazsa, bu zaman istənilən nəticəyə nail olmaq qeyri-mümkündür.
Son vaxtlar qarğıdalı bitkisinin zərərverici və xəstəliklərinə qarşı mübarizə aparılarkən Lintur və Karate preparatlarından daha çox istifadə olunur.
Məhsulun yığılması. Dən məqsədilə yığılan məhsulun tərkibində nəmlik 28-30% olmalıdır. Dən üçün qarğıdalı həm mexanikləşdirilmiş, həm də əl üsulu ilə yığılır. Məhsul xırmanda qıcadan təmizlənir, qurudulur və çeşidlənir.
Əgər hər hansı bir torpaq mülkiyyətçisi yaxşılaşdırılmış sortlardan 1 hektar əkmiş olsalar və onun becərilməsinə, vegetasiya müddətində tələb olunan bütün aqrotexniki tədbirlərini yerinə yetirməklə 600 manata qədər xərc çəkmiş olarlar. Qeyd olunan qarğıdalı sortlarının hər hektarından 70-100 sentner arasında məhsul götürmək mümkündür. 

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.