Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır.
Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.
Toxumluq yoncanın səpin norması adi səpinlərə nisbətən 15-20% az göstərilməlidir. Belə halda bir bitkiyə düşən qida sahəsi artır, işıqlanma üçün şərait yaranır, bar verən gövdələrin sayı artır, nəticədə bitki güclü inkişaf edərək yüksək toxum məhsulu verir. Bir hektara 8-10 kq toxum sərf edilməlidir.
Səpin üçün əsasən elit toxumdan istifadə edilməlidir. Əgər yonca sahələrində qızıl sarmaşığa təsadüf olunarsa, o əllə yığılmalı və sahənin kənarında yandırılıb, məhv edilməlidir.
Səpin üsulu. Yeraltı suların torpaq səthinə yaxın olduğu bölgələrdə, torpaqların şorlaşma təhlükəsi vardır. Odur ki, bu ərazilərdə yoncanın başdan-başa üsulla əkilməsi tövsiyə olunur. Yeraltı suların dərində olduğu ərazilərdə isə şorlaşma təhlükəsi yoxdur. Həmin bölgələrdə yonca səpinlərinin cərgəvi üsulla keçirilməsi yaxşı nəticə verir.
Suvarma. Azərbaycanın suvarma şəraitində yoncanın məhsuldarlığını limitləşdirən amillərdən ən əsası su və gübrədir. Yonca əkilmiş sahələrdə rütubət 80-90% həddində saxlanmalıdır. Suvarma norması hektara təxminən 3000 kub metrdir. Toxumluq yonca əkinləri yemlik yonca sahələrinə nisbətən daha çox su tələb edir. Suvarılmanın aparılması müddəti və miqdarı ot örtüyünün yaşından, səpin müddətindən və istifadə olunması məqsədindən asılıdır. Yonca həyatının birinci ilində, ikinci ilinə nisbətən zəif boy atır və yatmır, odur ki, vegetasiya dövründə suvarmanın miqdarı iki illik əkinlərə nisbətən artıq olmamalıdır. Yoncanın vegetasiya suvarmalarının sayı 2-4 həddində olmalıdır.
Qarabağ zonasında payızda səpilmiş yoncanın ikinci biçini toxum üçün saxlandıqda birinci suvarmanı boyatma zamanı, ikincisini çiçəkləmə dövründə, üçüncüsünü isə çiçəkləmənin sonunda aparılması əlverişlidir. Mil-Muğan və Şirvan zonasında payız əkinlərinin ikinci biçini toxum üçün saxlayan zaman birinci dəfə boyatma zamanı, ikinci dəfə isə çiçəkləmə zamanı vegetasiya suyu verilməlidir.
Yazda əkilmiş yoncanın inkişafı nisbətən isti dövrdə gedir, həmçinin cücərtilərin kökləri hələ torpağın lazımi qatlarına çata bilmir, ona görə də payız səpininə nisbətən bitki inkişafının axırına kimi qrunt suları dərində yerləşən zonalarda dörd vegetasiya suyu tələb olunur:
- Aratdan bir ay sonra
- Qönçələmə dövründə
- Çiçəkləmənin əvvəlində
- Çiçəkləmənin sonunda