Skip to main content

Üzümlüklərin salınması

Aparılan elmi tədqiqatlar və qazıntılar təsdiq etmişdir ki, üzümün vətəni Kür vadisinin, Xəzər dənizinin, Qara dəniz və Aralıq dənizinin ətraf rayonlarıdır.
Təcrübələr göstərir ki, üzümlüklərin gələcəkdə yüksək və keyfiyyətli, uzun müddətli məhsuldarlığının təmin olunması yerli şəraitə uyğunlaşdırılmış üzüm sortlarının əkilməsindən, yəni əkin materiallarının tingliklərin yerli şəraitə uyğunlaşmış sortlardan salınmasından asılıdır.
Üzümlüklər salınarkən hər zonanın torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış məhsuldar tənəklər seçilməli, bununla da qarışıq üzümlüklər salınmasının qarşısı alınmalıdır.
Üzümlük salınması üçün sahənin seçilməsi
Üzümlüklərin bar vermə müddətini və məhsuldarlığını artıran amillərdən biri sahənin düzgün seçilməsidir. Buna görə də sahə seçilərkən torpağın strukturu və münbitliyi nəzərə alınmalıdır. Yəni üzüm bağları salınarkən torpaqda olan əhəng və duzların miqdarı qrunt sularının torpaq səthindən dərinliyi, yerin relyefi və yamacların istiqaməti də nəzərə alınmalıdır.
Dağətəyi və dağlıq sahələrdə texnikanın səmərəli istifadəsi üçün sahənin mailliyi 1-12 dərəcə arasında cənub və cənub-qərb yamaclarında seçilməsi daha səmərəlidir. Mailliyi 12 dərəcədən artıq olan yamaclarda üzümçülük salındıqda su torpağın münbitliyini yuyub azaldır, yəni torpaq su eroziyasına məruz qalır. Odur ki, mailliyi 12 dərəcədən yüksək olan yamaclarda tənəklər yalnız terraslara əkilməlidir.
Yeni üzüm bağları salınarkən istər düzən, istərsə də dağətəyi sahələrdə torpağın səthi düzəldilməlidir. Bağ salınacaq sahənin əhali yaşayan yerə, su mənbələrinə və işlək yollara yaxın olması iqtisadi cəhətdən səmərəlidir. Üzümlüklər salınarkən torpaq sahəsi mütləq lazımdır ki, torpağın nə dərəcədə yararlı olması və hüquqi baxımdan torpaq ayırma sənədlərinin düzgünlüyü dəqiqləşdirilsin.
Yeni üzümlüklər salınması üçün yer ayrıldıqdan sonra üzümlüklərə qulluq işlərini asanlaşdırmaq və torpaqdan səmərəli istifadə etmək məqsədilə seçilmiş sahələr sərnə və qursaqlara bölünməli, cərgələrin düzgün salınması üçün sahələr mütləq Geodeziya alətləri ilə ölçülüb nişanlanmalıdır. Səmələr arasında 10-12 metr, qursaqlar arası isə 6-7 metr eninə yol qoyulmalı, cərgələrin uzunluğu 100 metrdən artıq olmamlıdır. Onu da qeyd etmək lazımdır ki, yeni üzümlüklər salınarkən sort təmizliyinin təmin olunması üçün Azərbaycan Üzümçülük İnstitutunun rəhbərliyinin tövsiyyəsi ilə Şamaxı Üzümçülük və Şərabçılıq stansiyasında və Tingiçilik təsərrüfatında mütəxəssis kadrların səyi ilə yerli şəraitə uyğunla.dırılmış tinglərin yetişdirilməsi, yeni sortların yaradılması və köhnə üzümlüklərin yenidən bərpa olunması üçün lazımi işlər görülməkdədir.
Torpağın əkinə hazırlanması
Yeni üzümlüklər salınarkən topraq tipinin seçilməsi tənəklərin inkişafına təsir edən əsas amillərdən biridir. Çünki, tənəyin yerüstü orqanlarının böyüməsi, bol və yüksək keyfiyyətli məhsul verməsi köklərin inkişafından asılıdır. Yeni üzümçülük salmaq üçün seçilmiş sahə əvvəlcə daş və kol-kosdan təmizlənməli, torpağın səthi hamarlanmalı, plantajdan qabaq hər hektara 30-40 ton peyin və 500-1000 kq fosfor gübrəsi verilməlidir. Bundan sonra S-100 və T-100 markalı traktora qoşulmuş kotanla 60-70 sm dərinlikdə şumlanmalıdır. Bəzi hallarda bu iş başqa gücü az olan traktorla aparıldıqda əkilmiş tinglər qısa müddətdə quruyaraq sıradan çıxır.
Plantaj 2 dövrdə - yazda və payızda tənəklərin əkilməsindən ən azı 2 ay qabaq qaldırılmalı, torpağın su eroziyasına məruz qalmaması üçün torpaq su axınının köndələninə şumlanmalıdır. Torpaq tam yatmadıqda yeni üzümlük salınması məsləhət deyildir. Əks təqdirdə istər öz kökü kökü üstə bitən, istərsə də calaq tingin kök boğazı torpaq yatandan sonra 6-7 sm açıqda qalır və belə tinglər xarici mühitin təsiri altında quruyur.
Əkin müddəti
Torpaq iqlim şəraitindən asılı olaraq yeni üzümlüklər yazda və payızda şumlanmalıdır. Payızı şaxtalı keçən, torpağı donan zonalarda üzümlüklər yazda şumlanmalıdır. Martın sonu aprel ayının əvvəllərində basdırılan ting və calaqların bitmə faizi daha yüksək olur.
Üzümlüklərin payızda şumlanması istisadi cəhətdən sərfəli olmaqla torpağı payızda donmayan iqlimi mülayim keçən zonalarda tinglərin noyabr və dekabr ayının birinci yarısında əkilməsi məqsədəuyğundur.
Payızda əkilən tinglərə edilən əsas aqrotexniki qulluq şaxtadan qorumaq məqsədilə tinglərin yer üstü hissəsində saxlanılmış 2 və ya 3 gözcüyün üstünü torpaqla örtməkdən ibarətdir.
Tingin və çubuğun basdırılma dərinliyi
Torpaq iqlim şəraitindən, sortun bioloji xüsusiyyətindən və tətbiq olunan aqrotexnikadan asılı olaraq, ting və çubuqların əkilmə dərinliyidə müxtəlifdir.
Yəni qışı şaxtalı, yazı və yayı quraq keçən zamanlarda tinglər adətən dərin basdırılmalıdır.
Öz kökü üstə olan tinglər calaq tinglərə nisbətən şaxtaya davamsız olduğundan daha dərinə basdırılmalıdır. Tinglər və çubuqlar torpağın tipindən asılı olaraq 50-55 sm və ya 65-70 sm, calaq tinglər isə calaqaltılarının şaxtaya davamlılığından asılı olaraq 45-50 dərinlikdə basdırılmalıdır.
Tənəyə verilən qida sahəsi
Tənəglərə verilən qida sahəsi torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətlərindən və tətbiq olunan aqrotexnikadan asılı olaraq dəyişə bilər.
Təcrübələr göstərir ki, ən yaxşı qida sahəsi torpağın suvarılma və münbitliyindən, relyefindən asılı olaraq (2.5-3)x(1.25-1.5) metrdir.
Tənəg çoxillik bitki olduğu üçün qida sahəsi müəyyənləşdirərkən səhvə yol verilməməlidir. Hektarda tənəglərin sayı müəyyənləşdirilərkən səhvə yol verilməməlidir. Hektarda tənəglərin sayı normal olduqda üzümlük bol məhsul verir. Sıx əkildikdə texnikadan səmərəli istifadə etmək çətinləşir və qida çatışmamazlığından məhsuldarlıq get-gedə azalır. Həmçinin üzümlükləri gen cərgələrdə əkmək 3.00-3.50-4.00 metr bitki arası 1.25-1.50-2.00 metr salındıqda tənəglərə yüksək ştamplı forma verilməklə əkmək olar. Bu zaman texnikanın gücündən tam istifadə etmək və əl əməyini azaltmaq mümkündür.
Cərgələrin istiqaməti
Üzümlüklər salınarkən şumun səthi hamarlanır, sonra Geodoziya alətləri və qaytan vasitəsilə bölünmüş sahələrdə cərgələrin istiqaməti müəyyənləşdirilir. Tənəglərin günəş şüasından yaxşı istifadə etməsi üçün üzüm tingi cərgələri suvarılan sahələrdə suvarma nəzarətə alınmaqda şimaldan cənuba doğru düzülməlidir. Suvarılan sahələrdə bəzi hallarda sahənin relyefindən asılı olaraq, cərgələrin istiqaməti dəyişdirilərək su hansı istiqamətdə axarsa su eroziyasına yol verməməklə cərgə də o istiqamətdə düzülməlidir.
Dağətəyi sahələrdə cərgələr yamacın köndələni istiqamətində salınmalıdır ki, yağış yağan zaman torpağın yuyulmasının qarşısı alınsın. Həmçinin küləyin istiqaməti də nəzərə alınmaqla cərgələrin istiqamətini küləyin əsmə istiqamətinə doğru qoymaq məsləhətdir.
Tingin və çubuğun əkinə hazırlanması
Yeni üzüm bağı salmaq üçün calaq tinglərdən istifadə olunacaqsa, bu vaxt calaqaltı ilə calaq üstünün bərabərləşdiyi yerdə dəyirmi qaynağın olması vacibdir. Əkiləcək tingin gövdəsi 12 sm-dən artıq və tingdə 2-3 gözcük olmalıdır.
Yeni üzümlük çubuqdan salınacaqsa, yaxşı yetişmiş və diametri 7 mm-dən çox olan çubuqlar seçilməlidir ki, aqrotexnikanın tələbatını ödəsin. Birinci sort əkin materialı olmayan ting və çubuq çıxdaş olmalıdır.
Əgər tingin inkişaf etmiş bir birillik zoğu varsa 3-4 gözcüyə, iki birillik zoğu varsa onların hər birini 2-3 gözcüyə kəsmək lazımdır. Vegetasiyanın sonunda bu gözcüklərdən əmələ gələn zoğların qüvvəlisi saxlanılır, qalanı kəsilib atılır. Tinglər əl ilə basdırılacaqsa, hər tingdə 2-3 qüvvəli kök saxlanılmalı və bunlar da 10-12 sm uzunluğunda kəsilməlidir ki, köklər təzələnsin.
Əkin hidroburla aparılarsa, tinglərin kökü 4-5 sm-dən kəsilib hidroburun açdığı çalalara qoyulmalıdır. Üzüm bağı çubuqla salınarsa çubuğun torpaq səthində qalan hissəsi gözcükdən 2-3 sm yuxarıdan çəpinə kəsilir. Torpağa basdırılacaq hissədə gözcüyün böyümə istiqamətinin əksinə 2-3 mm aşağıdan kəsilməlidir ki, hüceyrələrdə təzələnmə getsin və çubuqlar əkindən sonra surətlə kök atsın. Əkinə hazırlanmış ting və çubuqlar əkindən qabaq 2-5 gün suda saxlanılaraq dərhal əkilməlidir ki, fizioloji nəmliyi itirməsin.
Tingin və çubuğun basdırılma üsulu
Yeni üzüm bağı salarkən bir qayda olaraq ting və çubuğun aqro-texnikanın tələbinə uyğun basdırılması tənəyin uzun ömürlüyüyünə təsir edir. Sahədə nişanlama işləri aparılandan sonra torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətlərindən asılı olaraq 1.00-1.25-1.50-1.75-2.00 metrlik nişangahlarda yerlərdə 50-60 sm dərinliyində çalalar qazılır və çalaların dibinə mineral və yerli gübrə tökülür ting və ya çubuq çalanın ortasına qoyulur və dibinə torpaq tökülüb tapdanır. Ting və çubuğun yerüstündə qalan gözcükləri qorumaq üçün örtülməlidir. Ting və çubuq əkilmiş çalaların ətrafı da tapdalanmalıdır ki, köklərin yaxınlığında boşluq qalmasın və kök torpaqla yaxşı təmasa girsin.
Həmçinin yeni üzümlüklər salınarkən tinglərin hidroburla basdırılması üsulundan da istifadə oluna bilər. Bu zaman tinglərin kökü daha 4-5 sm qədər gödəlir, bu üsulda bitkiyə lazım olan qədər su ehtiyatı verilir və bitiş faizi artır.
Cavan üzümlüklərə qulluq edilməsi
Yeni salınmış üzümlüklərin tez məhsula düşməsi və tənəklərin uzun ömürlü olması becərmələrin vaxtında və aqrotexniki qaydada aparılmasından çox asılıdır. Yeni salınmış üzümlüklərdə vegetasiya dövründə yaşıl budama aparılmalı, tənəklərə əlavə yemləmə gübrəsi verilməli, suvarılmalı, tənək dibləri dəfələrlə yumşaldılmalı, alaq otları təmizlənməli, xəstəlik zərərvericilərə qarşı mübarizə aparılmalıdır.
Vegetasiya dövründə xüsusilə Mildiu xəstəliyinə qarşı hər yağışdan sonra Bordo mayesi (göydaş), 0.2% Mikal 3-4 kq/ha, 65%-li Efal 3 kq/ha və s. biri ilə işçi məhsul 600-800 litr olmaqla çiləmə aparılmalıdır. Çiləmə təkrar olunmadıqda fotosintez prosesi zəifləyir, nəticədə tənəyin yeraltı və yerüstü orqanlarının böyüməsi normal getmir və zoğlar yaxşı yetişmədiyindən qışda onları şaxta vurması qorxusu yaranır.
Yeni salınmış üzümlüklərdə birinci ilin payızından seyrəkliyə qarşı sort qarışığına yol verməməklə tinglərin əkilməsi və tənəklərin spalerə qaldırılması və sair işlər yüksək aqrotexniki qaydalarda aparılmalıdır.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.