Skip to main content

Pambıq bitkisinin becərilmə texnologiyası

Pambıq bitkisi torpaq sahibləri üçün gəlirli sahələrdən biridir. Pambıq bitkisinin intensiv becərilmə texnologiya əsasında becərilməsi ondan sabit, yüksək və keyfiyyətli məhsul alınmasının əsas şərtlərindəndir.
Pambıq üçün kiçik torpaq sahəsi olan kəndli-fermer təsərrüfatlarında 5 tarlalı növbəli əkin sxemi tətbiq edilməlidir.
İri fermer təsərrüfatlarında isə 2 tarla yonca, 4 tarla pambıq və 1 tarla taxıl olan 7 tarlalı növbəli əkinlər səmərəlidir. Növbəli əkinin aqrotexniki əhəmiyyəti odur ki, alaq otları, xəstəlik və ziyanvericilərlə mübarizə asanlaşır, torpaqda müxtəlif sələflərdən sonra qalan və gübrə şəklində verilmiş qida maddələrindən, rütubətdən səmərəli istifadə etməyə münbit şərait yaranır. Bu baxımdan pambıq bitkisi, ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyət daşıyan taxıl bitkiləri üçün ən gözəl sələfdir.
Torpağın əsas becərilməsi.
Əsas becərməyə torpağın dərin şumlanması (dondurma şumu), arat və torpağın hamarlanması daxildir. 
Şumdan əvvəl sahələrə 400 kq fosfor və 50 kq kalium gübrəsi və 5-10 ton peyin verilir. 
Şum ön kotancıqlı kotanlarla 30-32 sm dərinlikdə aparıldıqda daha yaxşı nəticə verir. Bu zaman torpağın qida maddələri ilə zəngin, 10-15 sm qalınlıqda olan üst təbəqəsi aşağı çevrilir, torpağın qida maddələri az olan 15-20 sm-lik aşağı təbəqəsi səthə qaldırılır və becərmə, gübrələmə və digər amillərin təsiri nəticəsində bu qat torpağın münbit təbəqəsinə çevrilir. 
Şum yalnız küz üsulu ilə, sahənin mailliyinə köndələn istiqamətdə aparılmalıdır.
Səpin
Səpinə optimal müddətdə, yəni torpağın 8-10 sm-də temperaturun +12+14C-də sabitləşdiyi vaxt başlamaq lazımdır.
Çiyid səpini cərgəvari üsulla, 2 sxemdə 60 və 90 sm cərgəvari qoyulmaqla hər hektara 50-60 kq toxum norması ilə aparılır.
1. Darcərgəli səpin üsulu 60 sm x 12-15
2. Gencərgəli səpin üsulu 90 sm x 8-10
Arata səpin zamanı çiyid 4-5 sm dərinliyə basdırılmalıdır. Səpin dövrünün əvvəlinə çiyid dayaz, sonralar isə nisbətən dərinə basdırılır. Səpindən sonra suvarılacaq sahələrdə toxum 3-4 sm dərinliyə səpilir.
Çiyidin torpaqda inkişafını təmin etmək məqsədilə səpinlə eyni zamanda hektara 100 kq dənəvər superfosfat və 200 kq ələkdən keçirilmiş peyin qarışığı verilməlidir. Gübrə və peyin qarışığının bitki tərəfindən yaxşı mənimsənilməsi üçün onlar cərgədən 5-7 sm yana, 10-12 sm dərinə basdırılmalıdır.
Səpinlə birlikdə birillik alaq otlarına qarşı mübarizə üçün 25-30 sm dərinliyə, zolaqla herbisid (stomp 0.3l/hek) verilir.
Tirələrə əkin texnologiyası.
Ağır mexaniki tərkibli torpaqlarda vaxtında və sağlam cücərtilər almaq üçün ən etibarlı texnologiya çiyidin tirələrə səpilməsidir. Bu zaman səpindən sonra düşən yağmurun əksər hissəsi şırımlara axır, tirələrdə əmələ gələn qaysaq nazik olur ki, bu da cücərtilərin torpağın səthinə çıxmasına maneçilik törətmir. Tirələr torpağın üst qatının hesabına düzəldiyindən yüksək münbit olmaqla normal nəmliyə malik olur və torpaq yaxşı qızır. Tirələrin düzəldilməsi QX-4 tirədüzəldən aqreqatı ilə həyata keçirilir. Payızda 60 və ya 90 sm ara məsafəsi olan 22-25 sm hündürlükdə tirələr düzəldilir, şırımlarla qış və ya yaz aratı aparılır.
Kultivasiya.
Torpaqdakı rütubəti qorumaq, havalanmanın normal getməsi, zərərli duzların səthə çıxmaması, köklərin inkişafını təmin etmək və alaq otlarını məhv etmək məqsədilə cərgələrdə cücərtilər görünəndə kultivasiya çəkilməsinə başlanılır. Bu zaman kök çürüməsi xəstəliyinin də qarşısı alınır. Bu tədbir gecikəndə bitkilərin inkişafı ləngiyir, məhsuldarlıq aşağı düşür.
Birinci kultivasiya 6-8 sm dərinlikdə nizamlanır. Suvarma dövrünə qədərki sonrakı kultivasiyalar 10-12 sm dərinlikdə aparılır.
Ucvurma müddəti.
Bu bitkinin inkişafına və sahənin münbitliyinə görə müəyyən edilir. Güclü inkişaf edən bitkidə 15-16, orta münbit torpaqlarda yaxşı inkişaf edən bitkidə 12-14, zəif inkişaf etmiş bitkilərdə 10-12 bar budağı olduqda ucvurma aparılmalıdır. Təqvimə görə bu tədbir təqribən iyulun 20-dən avqustun 10-dək olan müddətə düşür.
Ucvurma əl ilə, mexaniki və kimyəvi üsulla aparılır. Bitkilərin əsas gövdəsinin ucu əl ilə 1-2 sm, maşınla 3-4 sm, kəsilir. Pambıq kolları çox  şaxələnərsə yan boy budaqlarının da ucu vurulur.
Kompozan preparatının (1.5 l/hek) tətbiqi qozaların formalaşmasını sürətləndirməklə onların daha tez və eyni vaxtda açılmasına, yığım müddətinin iki həftə qısalmasına şərait yaradır.
Vegetasiya suvarmaları.
Qrunt suları dərində yerləşən yüngül torpaqlarda əkinləri tez-tez suvarmaq, suvarmanı erkən başlamaq və gec qurtarmaq lazımdır. Belə torpaqlar çiçəkləməyə qədər 1-2 dəfə, çiçəkləmə və bar əmələgətirmə dövründə 3-4 dəfə suvarılmalıdır. Rütubət tutumu çox olan (ağır mexaniki tərkibli torpaqlarda) sahələrdə pambıq az suvarılır, suvarmaya bir qədər gec başlanır və tez başa çatır.
Vegetasiya dövründə yüngül mexaniki tərkibli torpaqlarda hər hektar sahəyə 700-800, orta mexaniki tərkibli torpaqlarda 900-1000, ağır mexaniki tərkibli torpaqlarda isə 1000-1200 kub metr su sərf olunur.
Pambıq şırımlarla suvarılır. Sukeçirmə qabiliyyəti zəif olan torpaqlarda şırımın uzunluğu 200-350 m, orta dərəcədə olan torpaqlarda şırımın uzunluğu 100-150 m və sukeçirmə qabiliyyəti yüksək olan torpaqlarda isə 60-100 m götürülməlidir. Cərgəvari məsafə 60 sm olduqda şırımın dərinliyi 15-18 sm, 90 sm olduqda isə 18-22 sm götürülə bilər.
Gübrələməsi.
Azot hübrəsi səpinqabağı, səpinlə birlikdə və qönçələmə mərhələsində yemləmə şəklində hektara 100 kq tətbiq edilir.
Səpinlə birlikdə hektara 100 kq fosfor gübrəsi, 200 kq çürümüş və ələnmiş peyinlə qarışdırılaraq cərgələrdən 5-7 sm aralı, 10-12 sm dərinliyə verilir.
Çiçəkləmə mərhələsinin əvvəlində fosfor və peyin qarışığı ilə əlavə yemləmə verilir.
Kalium gübrəsi isə qönşələmə mərhələsində, xüsusilə vilt xəstəliyi olan sahələrə hektara 50 kq verilməsi nəzərdə tutulur.
Pambıq sovkası.
Pambığa ən çox ziyan vuran həşərat pambıq sovkasıdır. Pambıq sovkası pup halında torpaqda qışlayır və o, 3-4 nəsil verir. 3-cü nəslin inkişafı sentyabr ayına düşür.
Sovkanın 1-ci nəslinin inkişafı pambığın qönçələmə fazasına təsadüf edir, iyun ayından başlanır və iyul ayının 3-cü ongünlüyünə qədər davam edir. 2-ci nəslin inkişafı iyulun 3-cü ongünlüyündən avqust ayının axırına kimi davam edir.
Sovkanın birinci nəslinə qarşı 100 bitkidə 5-6 kiçik yaşlı tırtıl, yaxud 20-25 zədələnmiş qönçə və 15-20 yumurta, ikinci nəslinə qarşı 10-12 kiçik yaşlı tırtıl, yaxud 35-40 zədələnmiş qönçə və 35-40 yumurta olduqda kimyəvi mübarizəyə başlamaq lazımdır.
Kimyəvi mübarizə yüksək səmərə verən karate (0.5 kq/hek), massulban (0.5 kq/hek) və s. preparatlardan istifadə edilir.
Hörümçək gənəciyi.
Xırda (0.3-0.5 mm) və təhlükəli zərərvericidir. Zərərverici yarpağın, qönçə, çiçək, qozalar və qoza yanlığının alt tərəfindən şirə sormaqla qidalanır. Hörümçək gənəciyi ildə 15-18 nəsil verir.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.