Skip to main content

Yay otlaqlarına qulluq qaydaları

Ən böyük yay otlaqları massivi Böyük Qafqazın (220 min ha) və Kiçik Qafqazın (350 min ha) yüksək dağlıq bölgələrində yerləşir.
Yay otlaqlarının bitki örtüyü taxıl otları, paxlalı bitki növləri, bənövşəyi arpa, çəmən topalı, qırmızı üçyarpaq yonca, ağ üçyarpaq yonca, andız, ətirşah, qantəpər, yemlik, bağayarpağı və s. ibarətdir. 
Yay otlaqlarında mal-qara sistemsiz otarıldığından burada aqrotexniki və fitomeliorativ işlər aparılmadığından, mal-qaranın dırnağı yamaclarda çim və torpaq qatını pozduğundan otlaq su, külək eroziyasına məruz qalır.
Ən çox eroziyaya məruz qalmış torpaqlar yay otlaqlarıdır. Yay otlaqlarının 75%-i meyilliyi 35-40 dərəcə və daha çox olan yamaclarda yerləşmişdir. Belə bir meyilli sahələrdə otarılan mal-qara Şəki-Zaqatala təbii-iqtisadi zonasında 3-4, Şirvan zonasında isə 2-3 dəfə normadan artıqdır ki, bu da otlaqlarda təbii ot örtüyünün məhvinə, su və külək eroziyasının genişlənməsinə səbəb olmuşdur.
Qış otlaqlarından fərqli olaraq yay otlaqlarında əsasən səthi yaxşılaşdırma tədbirləri həyata keçirilir. 
Yay otlaqlarının səthi yaxşılaşdırılması. Səthi yaxşılaşdırma dedikdə, təbii çimi pozmadan, dağıtmadan örüş və biçənəklərdə məhsuldarlığı yüksəldən, onları mədəni vəziyyətdə saxlayan tədbirlərin həyata keçirilməsidir. Bu tədbir yay otlaqlarında həyata keçirilir. 
Səthi yaxşılaşdırmaya - su, hava, qida rejimlərinin yaxşılaşdırılması, çimə və ot örtüyünə düzgün mədəni qulluq işlərinin həyata keçirilməsi aiddir. Səthi yaxşılaşdırma tədbirləri sisteminə gübrələmə, hava-su rejiminin nizamlanması, qaysağın dağıdılması, torpaq səthinin malalanması, alaqlara qarşı mübarizə, otlağın daşlardan təmizlənməsi, sahənin hamarlanması və ot örtüyü səthinə qiymətli ot toxumları səpilməsi kimi tədbirlər aiddir.
Otlaq və biçənəklərin gübrələnməsi. Digər kənd təsərrüfatı bitkiləri kimi otlaq və çəmənliklərdə bitən bitkilərdə gübrələməyə qarşı reaksiya göstərirlər. Buna görə də otlaqlarda mövcud bitki örtüyünü gücləndirmək və ya yem istehsalını artırmaq məqsədilə gübrələmə aparılır. Bitki örtüyünün arzu olunan istiqamətdə dəyişib sıxlaşması torpağın eroziya proseslərinə qarşı müqavimətini artırır və torpaq xarici təsirlərdən daha yaxşı qorunar. Gübrə tətbiqi otlağın səmərəliyini və heyvandarlıq məhsullarını artırmaqla yanaşı, həm də bitki örtüyündə arzu olunan istiqamətdə dəyişikliyə səbəb olur. Gübrələrin otlaq və çəmənliklərdə ot istehsalını və yemin qidalılıq xüsusiyyətini yüksəltmək, məhsulun otarma mövsümü ərzində nizamlı yayılmasını təmin etmək, toxumdan əmələ gələn bitkilərin inkişafını yaxşılaşdırmaq kimi bir çox müsbət təsirləri vardır.
Otlaqlara tam tərkibli gübrələrin (NPK) tətbiqi zamanı ərazinin iqlim şəraiti, torpağın qida maddələri ilə təmin olunma dərəcəsi nəzərə alınmalıdır. Aparılmış çox saylı elmi araşdırmalar vəv tədqiqatlar nəticəsində sübut edilmişdir ki, otlaq və biçənəklərin əsaslı yaxşılaşdırılmasında geniş tətbiq olunan gübrələmə təbii yem mənbələrinin məhsuldarlığını əsaslı surətdə artırmaqla yanaşı, ot durumunu nizamlayır və yemin keyfiyyətini xeyli yüksəldir. 
Yay otlaqlarında aparılan tədqiqatlardan məlum olmuşdur ki, azot, fosfor və kalium gübrələrinin kompleks tətbiqi nəticəsində subalp otlaqlarının hər hektarından 35-38 sentner, alp otlaqlarından isə 18.4 sentner quru ot məhsulu götürülmüşdür. Alp otlaqlarında gübrələrin kompleks tətbiqindən otlağın botaniki tərkibi də yaxşılaşmış, taxıl otları 14%, paxlalı otlar isə 13% artmışdır.
Çəmənlik və otlaqlarda alaqlarla mübarizə. Heyvan sağlamlığına ziyan vuran, heyvan məhsullarının keyfiyyətinə mənfi təsir göstərən və heyvanlar tərəfindən həvəslə yeyilməyən bitkilər otlaq əraziləri üçün alaq bitkisi hesab olunur. Uzun illər otlaqların həddindən çox və nizamsız otarılması nəticəsində otlaq ərazilərində alaq bitkiləri xeyli artmışdır.
Ümumiyyətlə, alaq otları daha aqressiv və sürətli yayılması ilə çəmənliklərin və otların bitki örtüyünə böyük ziyan vurur, faydalı bitkilərin inkişafını ləngidir və yemlik dəyərini aşağı salır. Bu cür bitkilərə qarşı mübarizə aparmaq lazımdır. Çünki bu bitkilər heyvanlar tərəfindən pis yeyilir və ya heç yeyilmir, eyni zamanda həmin bitkilər qiymətli yem bitkilərinin inkişafını zəiflədir. Bəziləri isə heyvanlar tərəfindən yeyildikdən sonra onların xəstələnməsinə və tələf olmasına səbəb olur.  Belə bitkilər heyvanların ətinin və südünün keyfiyətini pisləşdirir. Qoyunların yununu zibilləndirir və keyfiyyətini aşağı salır. Bunlara qarşı mübarizə aparmaq üçün onların öyrənilməsi və bioloji xüsusiyyətlərinə əsasən müxtəlif mübarizə tədbirləri tətbiq etmək lazımdır. Alaqlara qarşı əsas mübarizə tədbirləri otlaqlardan səmərəli istifadə və otlaqlara düzgün qulluq etməkdən ibarətdir. Ümumiyyətlə, alaq bitkilərini çalmaq, kökündən çıxarmaq, gələcəkdə onların başqa sahələrə yayılmasının qarşısını almaq məqsədilə onların çiçəklənməsinə və toxumlanmasına yol verilməməlidir.
Otlaqlarda alaqlara qarşı mexaniki və kimyəvi mübarizə metodlarından istifadə olunur. 
Mexaniki üsul. Otlaq ərazilərində mexaniki yolla mübarizə mexaniki alətlər vasitəsilə aparılır. Bu alətlərin köməyi ilə alaq bitkilərini kəsmək, çıxarmaq, biçmək kimi əməliyyatların həyata keçirilməsi mümkündür. 
Otlaqlarda birillik alaqları çiçəkləməyə qədər biçmək və ya kökündən çıxarmaqla təmizləmək olar. Ancaq çoxillik zərərli və zəhərli bitkilərlə mübarizə bu cəhətdən bir qədər çətinlik törədir. Onlar biçimlərinə və kəsilmələrinə baxmayaraq, yenə də möhkəm və torpaqda dərinə gedən kök sistemi vasitəsilə çoxalma imkanına malikdirlər. Onların torpaqda qalan kiçik kökümsovları yeni bitkinin əmələ gəlməsinə səbəb olur. Ona görə də həmin bitkilərin otlaqdan təmizlənməsi üçün onların kökünü torpağın 10-15 sm dərinliyində kəsmək və bu işi bir neçə il ardıcıl olaraq davam etdirmək lazımdır. 
Kimyəvi mübarizə üsulu.  Alaq otları ilə mübarizədə ən effektli üsullardan biri də çəmən və otlaqlarda cərgə aralarının herbisidlə işlənilməsidir. İri massivlərdə 2.4D herbisidi (1 hektara 500-1000 litr suda həll olunmuş 1.5kq təsiredici maddə hesabı ilə) təyyarələrlə və ya xüsusi yerüstü çiləyicilərlə çilənir. Lakin herbisidlər paxlalı otlara ziyandır, odur ki, paxlalı bitkilərlə kasıb otluqları işləmək lazımdır. 
Kolluq basmış sahələri məhv etmək üçün hektara 2kq-dan 6kq-ya qədər (500-1000 litr su ilə) herbisid çilənməsi tövsiyə olunur.
Otlaq və biçənəklərdə torpağın qaysağının dağıdılması. Otlaq və biçənəklərdə qaysağın dağıdılması torpaq üzərində səth axımını əngəlləmək və yağış sularını torpaqda daha çox saxlamaq məqsədilə aparılır. Nəticədə su torpağa yaxşı hopur və buxarlanma azalır, toxumun sovrulmasının  qarşısı alınır.
Bu tədbir təbii ot örtüyünü az (seyrək) olduğu və rütubətə tələbat artdığı zamanlarda, havanın quraq keçdiyi dövrlərdə düşən yağmurdan maksimum istifadə etmək üçün aparılır. Belə yumşaltma qış otlaqlarında Oktyabr ayının əvvəllərində çizel və ya dişli mala ilə aparılır. Səthin yumşaldılması torpağa tökülmüş toxumların cücərməsinə şərait yaradır. Bu tədbirin həyata keçirilməsi otlağın məhsuldarlığını 30-50% artıra bilər.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.