Skip to main content

Siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri

Kənd təsərrüfatı bitkilərinin zərərvericiləri arasında siçanabənzər gəmiricilər ziyan vurma baxımından ən təhlükəli sayılır. Belə ki ayrı-ayrı illərdə onların vurduqları zərər 25-30%, bəzən daha çox məhsul inkisi ilə hesablanır. Ona görə də bu ziyanvericilərlə mübarizə hər zaman fermerlər üçün ən problemli və vacib mübarizə tədbirlərindən hesab edilmişdir. Siçanabənzər gəmiricilər demək olar ki, respublikamızın bütün ərazisində yayılmışdır. Lakin onların ən çox zərər vurduğu bölgələr qərbdə Tərtər, Ağcabədi, Ağdam, Samux, Şəmkir, Tovuz, cənubda Cəlilabad, Biləsuvar, Saatlı, şimalda Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, şərqdə Qobustan və ətraf ərazilər hesab edilir.

Gəmiricilər fəsillərdən asılı olaraq həm dənli bitkilərin yaşıl hissələri ilə, həm də onların dənləri ilə qidalanır. Onlar il ərzində orta hesabla 3-4 nəsil verə bilirlər. Hər nəsildə 4-8 bala olur. Gəmiricilərin vurduğu ziyan toxumların cücərməsi dövründən başlayıb, dənin yetişmə vaxtına qədər davam edir. Ən şiddətli ziyan yaz aylarında müşahidə olunur. Qeyd etmək lazımdır ki, gəmiricilər tarlalarda yuva qurarkən bitkilərin kök sistemini zədələyir, bununla da onların vurduğu ziyan daha da artır və bitkilərin məhv olmasına səbəb olur. Əgər hər hektarda məskunlaşan gəmiricilərin sayı 100 ədəd olarsa, bu 50% məhsul itkisi deməkdir.
Siçanabənzər gəmiricilərin 142-dən çox növü məlumdur ki, bunlardan da respublika ərazisində ən çox yayılanları çöl və taxıl siçanlarıdır. Havaların sərt, şaxtalı, qarlı və uzun müddətli yağıntılı keçməsi nəticəsində siçanabənzər gəmiricilər kütləvi surətdə məhv olur. Eyni zamanda kütləvi azalmadan sonra bu zərərvericilərin çox sürətli artımı da qeydə alınmışdır. 
Son illərdə hava şəraiti çöl siçanları üçün əlverişli olmuş və bu səbəbdən onlar kütləvi çoxalmışdır. Hal-hazırda çöl siçanlarının sıxlığı maksimum həddə çatmışdır.
Odur ki, payız, qış və yaz aylarında siçanabənzər gəmiricilərə qarşı intensiv mübarizə aparılmalıdır.
Kimyəvi mübarizə. Bunun üçün aldadıcı yemlərdən istifadə əsas yer tutur. Bu aldadıcı yem buğda və digər dənlilərdən başqa yaşıl kütlələrdən də hazırlana bilər.
Aldadıcı yem hazırlamaq qaydası:
Bunun üçün 100 kq buğda götürülür, həmin buğda bir-iki gün əvvəlcədən polietilen örtüyün üzərinə tökülərək su ilə isladılır, gün ərzində 4-5 dəfə isladılaraq qarışdırılır və üzəri örtülür ki, buğda müəyyən qədər şişsin. İkinci və ya üçüncü günü üzərinə hissə-hissə 2.5 litr günəbaxan yağı və 4 kq sink-fosfid (bir qədər vanil qatılsa yaxşı olar) qatılır. Çünki siçanlar vanil iyinə yaxşı gəlirlər. Belə hazırlanmış zəhərli qarışığa aldadıcı yem deyilir. Hazırlanmış aldadıcı yem polietilen qablara doldurulur və sahəyə aparılır. Sahədə hər siçan yuvasına 8-12 aldadıcı yem (buğda dəni) tökülür. 1 ha sahəyə 2 kq-dan 4 kq-a qədər aldadıcı yem istifadə olunur.
Siçanlara qarşı istifadə olunan preparatlar sink-fosfid, etilbenosin və yaxud digər zoosidlər kəskin zəhərli preparatlardır. Odur ki, aldadıcı yem yazırlayan işçilər əyinlərinə qoruyucu geyim və əllərinə rezin əlcək geyməli, respiratorlardan istifadə etməlidirlər. Bu preparatın tozundan qorunmaq üçün aspirator və ya ağız və burun deşiklərini 2-3 qat tənziflə bağlamaq lazımdır. Aldadıcı yem hazırlayarkən əlcəkdən istifadə etməyin başqa üstünlüyü var ki, o da insan iyinin yemə hopmasının qarşısını alır. Çünki siçanlar çox yüksək iy bilmə qabiliyyətinə malikdirlər. Aldadıcı yemlərdən siçanlar üçün xoş olmayan iy gəldikdə onlar bu aldadıcı yemi yemirlər.
Dənli bitkilərin əkini üçün planlaşdırılmış sahələrdə siçanabənzər gəmiricilərə qarşı aqrotexniki mübarizə üsulundan da geniş istifadə edilməsi ilə də yüksək nəticələr əldə etmək olur.
Aqrotexniki mübarizə tədbirləri. 
  1. Xam yerlərin və dincə qoyulmuş torpaqların şumlanması, suvarılması, mərzlərin, yol və arx kənarlarının bellənməsi,
  2. Tarlanın alaqdan təmizlənməsi,
  3. Payızda dərin şumun aparılması, dondurma şumunun verilməsi,
  4. Zərərvericilərlə sirayətlənmiş sahə dincə qoyulmalı, sonra isə həmin sahədə 2 il payızlıq taxıl əkmək olar. Ziyanvericilərin miqrasiyasının qarşısını almaq üçün yaxşı olar ki, yaxın ərazilərdə fəaliyyət göstərən kiməyvi və aqrotexniki mübarizə tədbirlərini eyni vaxtda həyata keçirsinlər.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.