Skip to main content

Üzümlüklərdə yaşıl budama

Üzüm bitkisi məhsuldar olmaqla əkiləndən 2-3 il sonra məhsul verməyə başlayır və başqa bitkilər üçün yaramayan torpaq-iqlim şəraitində bitərək yaxşı becərildikdə 80-100 il məhsul verməklə ildə hər hektardan 150-200 sentner, suvarılan torpaqlarda isə 250-300 sentnerdən də çox məhsul verə bilir.
Üzümdən bir çox istiqamətdə istifadə oluna bilir: təzə halda yeyilir, şərab və konyak hazırlanır, şirə istehsal edilir, qurudulur, konservləşdirilir və tullantısından da geniş istifadə edilir. Ümumiyyətlə, üzümlüyün inkişaf etdirilməsi böyük iqtisadi əhəmiyyət kəsb edir.
Üzüm bitkisinin bioloji illik inkişaf silsiləsi iki dövrə ayrılır: 1. Vegetasiya dövrü, 2. Nisbi sükunət dövrü. Üzüm bitkisinin (tənəyin) uzun ömürlü və məhsuldar olmasında vegetasiya dövrünün uzunluğu və tənəyin qüvvəsi mühüm rol oynayır.
Yaşıl budama əməliyyatına, əsasən aşağıdakılar daxildir.
Artıq yaşıl zoğların qopardılması. Vegetasiya dövrü başlanan zaman tənəyin bar barmaqlarındakı gözcüklərdən, çoxillik ştambdan və kök boğazındakı yatmış tumurcuqlardan zoğlar əmələ gəlir. Bar barmaqlarındakı gözcüklərdən məhsullu, çoxillik hissələrdəki yatmış tumurcuqlardan əmələ gələn zoğlar əksərən məhsulsuz olur. Odur ki, yaşıl budama zamanı hər tənəkdə olan barsız zoğların hamısını qopaqmaq olmaz. Tənəyin ştabında və çoxillik qollar üzərində yatmış tumurcuqlardan çıxan haramı zoğlar qoparılmalı, ştambın əvəz olunması lazım gələrsə haramı zoğlardan hamısını qoparıb atmaq tənəyin böyümə və inkişafına mənfi təsir göstərir. Ümumiyyətlə, barsız zoğları qopararkən tənəyin bioloji xüsusiyyəti, tənəyin forması, qüvvəsi və saxlanmış bar barmaqlarındakı gözcüklərin açılma faizi, barlı zoğların sayı nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, barsız zoğlarda bitki həyatı üçün üzvü maddələr toplanır. Odur ki, barlı-barsız zoğlar sortun bioloji xüsusiyyətinə görə müəyyən nisbətdə məsələn kişmişi sortunda 2:1 və 1:1 nisbətində "Bayanşirə" üzüm sortunda 1:2 nisbətində saxlanılması məhsuldarlığı xeyli artırır.
Yaşıl budama iki dəfə: barlı və barsız zoğlar bir-birindən seçildikdə, yəni zoğların boyu 5-6 sm-ə çatandan 8-10 gün sonra aparılmalıdır. Bəzi üzüm sortlarında vegetasiya dövründə gözcüklərdən 2-3 zoğ çıxır. Onların bəzisi barlı, bəzisi isə zəif çiçək topacığına malik olur ki, yaşıl budama vaxtı tənəyin gücünü nəzərə alaraq, az barlı zoğların qoparılması yaxşı nəticə verir.
Ümumiyyətlə, tənəklərdə yaşıl budama aparılmadıqda qida maddələri lazımsız orqanlara sərf olunur ki, bu da tənəkləri zəiflədir, tənəyin yeraltı və yerüstü orqanları arasında korrelisyon asılılıq pozulur.
Zoğların ucunun qoparılması. Tənəklərdə zoğların ucunun qoparılması onların böyümə sürətini müvəqqəti olaraq (təxminən 12-15 gün) dayandırmaqla qida maddələrinin tənəyin generativ orqanlarına axmasına səbəb olur. Zoğların ucunun qoparılması məhsul artımına və üzümün yaxşı yetişməsinə səbəb olur. Bu tədbir çiçəkləmədən 4-7 gün qabaq aparılır. Topraq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətindən və tətbiq olunan aqrotexnikadan asılı olaraq, çiçək topasından yuxarı 2-5 yarpaq saxlamaqla bar zoğlarının ucu qoparılır.
Təcrübələrlə sübut olunmuşdur ki, öz-özünü tozlayan sortlarda zoğların ucunun qoparılması məhsuldarlığı 10-20 faiz, bəzi sortlarda "Saperavi" və "Rkasteli" üzüm sortlarında hətta 30 faiz artırır. Zoğların ucunun vaxtında qoparılması məhsulun kəmiyyət və keyfiyyətini yaxşılaşdırır, həmçinin tənəyə qulluq işləri asanlaşır və gələcəkdə bol məhsul alınmasının bünövrəsi qoyulur.
Bic zoğların ucunun qoparılması. Tənəyin vegetasiya dövründə bar zoğlarının yarpaq qoltuğundakı tumurcuqlardan bic zoğlar çıxır. Bic zoğların yarpaqlarından fotosintez prosesi demək olar ki, əsas zoğların yarpaqlarına nisbətən daha fəal gedir. Ona görə də az yüklü, zəif tənəklərdə üzvü maddələrin toplanmasında biclərin yarpaqları böyük rol oynayır. Bic zoğların ucu 2-3 yarpaqdan sonra qoparılmalıdır. Təcrübələr göstərir ki, biclərin dibdən qoparılması tənəyə mənfi təsir edir, nəticədə zoğ yaralanır və fotosintez prosesi zəifləyir.
Zoğların ucunun vurulması. Zoğların ucunun vurulmasında məqsəd gələcək bar barmağı üçün barmağın cilik və əyməsindən əmələ gələn zoğların normal inkişafını təmin etməkdir. Zoğların ucunun vaxtında vurulması onun yetişməsini və qidalanmasını yaxşılaşdırır, şaxtaya davamlılığını artırır. Zoğların ucunun vurulması əməliyyatı yaxşı olar ki, çox qüvvəli böyüyən tənəklərdə yarpaqların, salxımların və artıq zoğların seyrədilməsi ilə bir vaxtda aparılsın. Zoğların ucları bu dövrdə vurulduqda, xəstəlik və ziyanvericilərə qarşı aparılan mübarizə effektli olur. Tənəklərdə ucvurmanı böyümənin zəiflədiyi vaxt, həm də sortun becərildiyi şərait nəzərə alınmaqla, yəni avqust ayında aparılması daha səmərəlidir.
Yaşıl zoğların bağlanması. Tənəklərdə əvəzedici cilikırdən və bar qolunun əymələrindən çıxan gözcüklərdən zoğlar sürətlə boy atır. Vu zoğlar tənəkdə gələcəkdə bar barmağı məqsədilə seçilib məftilə bağlanır. Yaşıl zoğların bağlanmasında məqsəd zoğların küləyin təsirindən qırılmasının qarşısını almaq, eyni zamanda maşınların cərgə aralarında normal işləməsini təmin etməkdir. Gələcək bar zoğları şaquli vəziyyətdə 40-45 dərəcə bucaq altında elə bağlanmalıdır ki, tənəyin yarpaqlarına günəş işığı yaxşı düşsün, xəstəlik yoluxmaması üçün tənəyin orqanlarını külək yaxşı tutsun və gələn ilin bar zoğları normal yetişsin.
Təbii iqlim şəraitindən, sortun bioloji xüsusiyyətlərindən və aqrotexnikadan asılı olaraq, yaşıl zoğların bağlanması vegetasiya dövründə 2-3 dəfə aparılır.
Yaşıl bağlama vaxtı çiliklərdən və ya bar qolunun əyməsindən əmələ gələn zoğlar çil ilə ikibir-üçbir "8" şəklində məftilə boş bağlanmalıdır. Yaşıl zoğların bağlanmasının gecikdirilməsi tənəyin böyümə və inkişafına təsir göstərir.
Tənəklərdə süni və əlavə tozlandırma. Məhsuldarlığı yüksəldən aqrotexniki tədbirlərdən biri də üzümlüklərin süni və əlavə tozlandırılmasıdır. Dişi funksional çiçək tipinə malik olan "Tavkveri", "Ağ şanı" və "Xatını" üzüm sortlarında süni tozlama aparılmadıqda məhsuldarlıq aşağı olur.
Ümumiyyətlə, istər funksional dişi tipli, istərsə də ikicinsli çiçək qrupuna malik olan üzüm sortlarında süni və əlavə tozlama nəticəsində təbii iqlim şəraitindən və sortun bioloji xüsusiyyətindən asılı olaraq, məhsuldarlıq 20-40 faiz artır. Funksional dişi tipli çiçək qrupuna malik olan üzüm sortlarının təbii olaraq çarpaz tozlanması üçün iki-cinsli çiçək qrupuna malik olan üzüm sortları ilə qarışıq əkilməsi səmərəlidir və bu vaxt əlavə tozlanmaya bir o qədər ehtiyac olmur. Təbii iqlim şəraiti və sortun bioloji xüsusiyyətləri nəzərə alınmaqla tozlanmanın səmərəsini artırmaq məqsədi ilə böyük üzümlük şəraitində vertalyotlardan eləcə də külək yaratmaq məqsədi ilə ventilyatorlu çiləyicilərdən də istifadə etmək olar.
Həmçinin çiçəkləmə dövrü hər cərgənin başında şpalerə bağlanan məftillərin 3-4 dəfə əl ilə tərpədilməsi də yaxşı nəticə verir. Çiçəklənmənin gedişindən asılı olaraq, istər süni, istərsə də əlavə tozlandırma qısa müddətdə başa çatdırılmalıdır.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.