Skip to main content

Meyvə bağı üçün sahənin seçilməsi və torpağın hazırlanması

Sahənin seçilməsi. Meyvə bağı salınacaq sahənin seçilməsi əsas şərtlərdən biridir. Tinglərin bağa əkildikdən sonra yüksək faizlə tutması , yaxşı böyüməsi, ağacların uzunömürlü olması, yüksək məhsuldarlığı və meyvələrin keyfiyyəti sahənin düzgün seçilməsindən asılıdır. Bağ salmaq üçün yer seçdikdə torpağın səthi, yerin relyefi, yeraltı suların yerləşmə dərinliyi diqqətlə yoxlanmalıdır.
Relyefə görə bağ salmaq üçün ən yaxşı yerlər düz, yaxud mailliyi 5-10 dərəcəyə qədər olan yamaclardır. 15 dərəcədən yuxarı mailli sahələrdə terrsalar düzəltməklə bağ salınır. Bağ salmaq üçün şimal və cənub-qərb yamacları daha əlverişlidir. Şoran, bataqlaşmış və yeraltı torpaq suları yer səthinə yaxın torpaqlar bağ salmaq üçün yararsız sayılır.

Bağ salmaq üçün strukturu, qidalı maddələrlə zəngin, rütubət tutumu yüksək olan, eyni zamanda hava və su keçirən torpaqlar daha yaxşıdır. Suvarılan rayonlarda meyvə bağları salınacaq sahələr suvarma üçün əlverişli olmalıdır.
Torpağın hazırlanması. Bağ salmaq üçün seçilən sahənin torpağını elə lazımdır ki, həmin sahələrdə əkilən meyvə ağacları uzun illər, yaxşı inkişaf etsin və yüksək məhsul verə bilsin. Bu məqsəd üçün, birinci növbədə, sahədə olan xırda təpəciklər və çuxurlar, yarğanlar, dərələr və xəndəklər ləğv edilib, sahənin səthi hamarlanmalıdır. Həmin sahədə meşə və meyvə ağacları, həmçinin kollar olduqda onları kökündən çıxarıb sahədən kənara daşımaq lazımdır. Bundan sonra yumuşaldıcı alət vasitəsilə ağac və kollardan təmizlənmiş sahə bir-birinə əks istiqamətdə 60-70 sm dərinlikdə yumşaldılır. Bu əməliyyatı apardıqda ağac və kolların qırılıb torpaqda qalmış köklər cücərmir və plantaj şumun aparılamsı asanlaşır. Bu işlər görüldükdən sonra 60-70 sm dərinlikdə plantaj şum qaldırılır. Bu cür şumun qaldırılması ən geci bağ salınması vaxtından 3-4 ay qabaq qurtarmalıdır.
Ən mühüm tədbirlərdən biri də plantaj şumundan qabaq torpağa üzvi və mineral gübrələrin verilməsidir. Şumdan qabaq hər hektara 30-40 ton üzvi gübrə (peyin) və təsiredici maddə hesabı ilə 100-150 kq superfosfat, 60-90 kq kalium duzu verilir. Əgər təsərrüfatda peyin çatmırsa, onda yaşıl gübrədən istifadə etmək lazımdır. Bu məqsədlə ilk yazda bağ salınacaq sahələrdə siderat bitkilər əkilməli və çiçəkləmə mərhələsində şumlanıb torpağın alt qatına çevrilməlidir. Nəticədə torpağın münbitliyi artır və struktur yaxşılaşır.
Torpaq strukturunun yaxşılaşması üçün çoxillik otlarında böyük əhəmiyyəti vardır. Ona görə də 2-3 il yonca sahələri intensiv meyvə bağları üçün ən yaxşı sələf sayıla bilər. Bağların salınmasına bir- iki ay qalmış plantaj şumun səthi hamarlanır, sonra isə üzdə qalmış iri kəltənlər mala vasitəsilə narınlanır.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.